Fins.az saytı 18 oktyabr 2013-cü il tarixində, Azərbaycanda ilk ixtisaslaşdırılmış sığorta xəbərləri portalı kimi fəaliyyətə başlayıb. Tədricən portal maliyyə sektorunun digər sahələrinin də əhatə edərək, banklar, bank olmayan kredit təşkilatları, kredit ittifaqları, lizinq şirkətləri və qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının fəaliyyəti haqqında xəbərlər və analitik materiallar yayıb. Bu ilin əvvəlindən isə Fins.az-ın əhatə dairəsi daha da genişlənib və sayt iqtisadiyyatın bütün sahələri ilə bağlı oxucularını məlumatlandırmağı qarşısına məqsəd qoyub. Hazırda portal maliyyə sektoru ilə yanaşı, avtomobil, əmlak, turizm, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, sənaye, nəqliyyat sahələrindəki yenilikləri ictimaiyyətə çatdırmaqla məşğuldur və Azərbaycanda iqtisadi xəbərlərin əsas mənbəyinə çevrilib.