Azərbaycan Televiziyası radiodan 30 il sonra – 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. Bakı Televiziya Mərkəzi üçün binanın inşasına 1954-cü ildə start verilib. Tikili üçün yer Bakının ən hündür məkanlarından birində – "Mehdi Hüseyn 1" adlanacaq ünvanda seçilmişdi. Azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri telemərkəzin binası yayıma 1955-ci ilin sonunda təhvil verilib. 1956-cı ilin fevralına qədər Bakı Studiyası ara-sıra sınaq verilişləri yayımlayıb. 1956-cı ilin mayında ekranda ilk diktorlar göründülər. Onların arasında Tamara Gözəlova, Nailə Mehdibəyova, Sevda Qənizadə, Sara Manafova, Rəna Nəsirova, Rəxşan Aslanova, Sima Xasıyeva və Nizami Məmmədov var idi.2019-cu il sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rövşən Məmmədovun "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. Onun təyinatından sonra kanalda ciddi dəyişikliklər baş vermişdir. 18 yanvar 2021-ci ildə Sosial Tədqiqatlar Mərkəzinin Azərbaycanda media landşaftının sosioloji tədqiqi və ictimai rəy sorğusuna görə, Azərbaycan Televiziyasının "Xəbərlər" informasiya proqramı əhali tərəfindən ən çox izlənən xəbər verilişi seçilib. Belə ki, sorğuda iştirak edənlərin 87,6 faizi ölkədə və dünyada baş verən hadisələr haqqında məlumat almaq üçün AzTV-nin "Xəbərlər" proqramını izlədiyini bildirib.